Anası Polad Həşimovun adını daşıyan məkana niyə buraxılmayıb? - Video

Şəhid Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Həşimova Qaradağ rayonu Qızıldaş qəsəbəsində oğlunun adını daşıyan idman klubunda keçirilən anım mərasiminə buraxılmayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülərdə şəhid anası özü bildirib. 

Onun sözlərinə görə, hər il Polad Həşimovun adını daşıyan idman klubunda anım mərasimi keçirilib. Lakin bu il həmin klubunun qapıları şəhid anasının üzünə bağlı olub: “Qızıldaş qəsəbəsində Polad Həşimov adına idman klubundakı tədbirlərdə 3 il iştirak etmişəm. Amma əfsuslar olsun ki, bu il Qızıldaş qəsəbəsindəki idman klubunda yox, restoranda iştirak edirik. Ona görə ki, klubun qapısı bizim üçün bağlı oldu. Amma məlum deyil ki, nədən bağlı oldu. Qızıldaş qəsəbəsinin icra nümayəndəliyi var, bələdiyyələr var, mən bilmək istəyirəm ki, klubun qapısı niyə bağlıdır?”

Məsələ ilə əlaqədar Qaradağ rayonunun Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Axundovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında həmin klubun qapılarının anım mərasimi üçün bağlı olmasının qəsəbə nümayəndəliyi ilə əlaqəli olmadığını bildirdi: “Qızıldaş qəsəbəsində Mədəniyyət Mərkəzinin tərkibində boks, karate və s bir neçə idman klubu var və onlardan biri də şəhid general Polad Həşimovun adını daşıyır. Həmin Mədəniyyət Mərkəzinin əvvəlki direktorunun vaxtında kluba bu ad verilib və hər il də anım mərasimi ilə bağlı tədbirlər keçirilib. Lakin sonradan həmin direktor işdən çıxıb və onu Leyla adında xanım əvəzləyib. Leyla xanımın direktor olduğu vaxtdan isə həmin tədbirlərin keçirilməsi qadağan olunub və klubun qapısı bağlanıb. Biz də əlaqə saxladıq, bildirildi ki, artıq həmin klubun fəaliyyətinə xitam verilib. Bildiyimə görə, Mərkəzin rəhbəri bu addımı nazirliyin qərarı ilə əsaslandırır”.

Problemlə bağlı Mədəniyyət Mərkəzinin rəhbəri Leyla xanıma dəfələrlə zəng etsək də, cavab ala bilmədik.

Mədəniyyət Nazirliyindən isə məsələ ilə bağlı araşdırma aparıldığı bildirildi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ