Azərbaycan əhalisinin sayı nə qədərdir? - demoqrafik göstəricilər

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı 2023-cü il iyun ayının 1-i vəziyyətinə 10148057*) nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 46 544 doğulan körpə qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,0-dan 11,1-ə düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulan körpələrdən 1360-ı əkiz, 72-si üçəm, 4-ü isə dördəm olub.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk beş ayında 19381 nikah və 9040 boşanma halları qeydə alınıb.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ