Quru sərhədlərinin açılması məsələsi hazırda ən çox müzakirə edilən məsələlərdəndir. Pandemiya başlayandan Azərbaycanın quru sərhədləri bağlı saxlanılır. Karantin rejimində virusla bağlı bəzi məhdudiyyətlər zaman-zaman aradan qaldırılsa da, quru sərhədlərlə bağlı verilən qərar 3 ildir dəyişmir. Bəs görəsən sərhədlərin açılması ilə bağlı yaxın gələcəkdə hansı addımların atılması gözlənilir?
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Referans.az-a danışıb.
“Yaxın gələcəkdə sərhədlərin açılması gözlənilmir. Bunun hansı səbəbdən edildiyinin izahını vermək də çətindir. Çünki karantin dövrü bitib, ola bilsin ki, hansısa təhlükəsizlik səbəbindən belə addımlar atılır. Hər halda sərhədlərin açılması çox yaxşı olardı, çünki vətəndaşlar bu məsələdə böyük əziyyət çəkir. Xüsusilə xəstələr, tələbələr və müəyyən turistik məqsədləri olan vətəndaşlar üçün bu vacibdir. Əks halda böyük bir sıxıntı yaşanacaq. Mən hesab edirəm ki, bu istiqamətdə addımların atılması vətəndaşların vəziyyətini yüngülləşdirmiş olar”.