“İrandakı səfirliyimiz artıq 7 aya yaxındır bağlıdır. Səfirlik əməkdaşlarının ölümü və aralanması, habelə məlum hadisələrin törədilməsi səbəbi bizə bəzi nüansları məlum etdi”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
O, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi ehtimalından söz açıb.
Xatırladaq ki, İran XİN səfirlik binası maksimum dərəcədə mühafizə ediləcək. Bu, yaxın vaxtlarda Azərbaycan səfirliyinin öz fəaliyyətini bərpa etməsi mənası verirmi? Yoxsa diplomatik nümayəndəlik məhkəmə qərarından sonra işini davam etdirəcək?
Öz növbəsində, C. Paşazadə bildirib: “Bu hadisədən əvvəl digər ölkələrdəki səfirliklərimizə basqınlar oldu. Lakin qonşu İranda bu hadisənin törədilməsi bir daha onu üzə çıxardı ki, Tehranın Bakı ilə münasibətləri soyuqdur. Daha sonra dövlət rəhbərinin və Xarici İşlər Nazirliyinin İran tərəfinə hadisələri törədən, terror hücumunu planlaşdıranların cəzalandırılması və gedən istintaqın rəsmi şəkildə Azərbaycana bildirilməsi tələb edildi.
Tehrandakı səfirliyimiz hələ də bağlıdır. Üstündən 7 ay keçməsinə baxmayaraq, məhkəmə qərarının yoxluğu məsələnin hələ də açıq olmasına dəlalət edir.
İranda səfirliyimizin açılması dövlətimizin ortaya qoyduğu tələblərdən asılıdır. Hələlik isə bu məsələ öz həllini tapmayıb. Tehranın Bakı ilə apardığı siyasətdə doğruluq payının olmadığını hələ də görürük”.