Niyam Salaminin restoranında niyə böyük məbləğdə “servis” pulu tutulur? - səbəbi açıqlandı

Dünəndən sosial şəbəkələrdə Novxanıda yerləşən “My Beach” istirahət mərkəzində ümumi hesabın 25 faizinin xidmət haqqı kimi tutulmasını göstərən qəbzin fotosu yayılıb. Ödənilən məbləğin ¼ hissəsinin xidmət haqqı kimi tutulması müzakirə və tənqidlərə səbəb olub. Müştəridən əlavə bu qədər məbləğin tutulması qanunsuz hesab edilib. 

Qəbzdən də görünür ki, edilən sifarişin məbləği 191 manat təşkil edir. Bu məbləğin üzərinə 47,75 manat əlavə olunub və ümumi məbləğ 238,75 AZN hesablanıb. 

Sözügedən restoranın administratoru Elvin Məmmədli Qafqazinfo-ya bildirib ki, həmin qəbzdə qeyd olunan məbləğ həm də şou-proqramla bağlıdır: 

“Bizdə həm menyuda, həmçinin instaqram və TikTok hesablarımızda xidmət faizi qeyd olunub. Əyləşən kimi də müştəriyə bu barədə məlumat verilir. Həm xidmət haqqı, həm də şou-proqram ödənişi bu 25 faizə daxildir. Bura gələnlərin də əksəriyyəti təkrar müştərilərdir, yəni neçə illərdir bundan məlumatlıdırlar”.

Məbləğin çox olması ilə bağlı suala gəlincə isə administrator bildirdi ki, bu məbləğ müğənnilərə olan ödənişi ancaq qarşılayır:

“Bizdə olan şou-proqram heç yerdə yoxdur. Bizim müğənnilərə, şou-proqrama verdiyimiz pullar onu ancaq ödəyir. Hər gün də şou-proqramımız olur”.

Qeyd edək ki, “My Beach”in sahibi tanınmış müğənni Niyam Salamidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ