Deputat "popkorn" satan yeniyetməyə qalib gəldi

İki gün öncə Milli Məclisin deputatı Rasim Musabəyovun "Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etirazları nəticə verib. Belə ki, həmin "popkorn” satan yeniyetmə keçiddən uzaqlaşdırılıb. 

Buta.media xəbər verir ki, bununla bağlı Rasim Musabəyov sosial şəbəkədə məlumat verib: 

"Dünən axşam "Azneft” meydanı yaxınlığında yeraltı keçid "popkorn” qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq, nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi müzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.

Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə "Facebook” statusu ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu. 

Bu, mənim üçün sosial şəbəkə vasitəsilə ictimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm”. 

O, istehzalı və bəzən qərəzli şərhləri isə müəlliflərin vicdanına buraxıb.

Xatırladaq ki, R.Musabəyovun sosial şəbəkədə yazdığı status və paylaşdığı foto tənqidlərə səbəb olmuşdu. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ