Deputat boşanmaların səbəblərindən danışdı: Biri Baxdan danışır, biri inəkdən

Boşanmaların artması təkcə bizim cəmiyyətin deyil, dünyanın hər yerində problemdir. 

 
Bunu Lent.Az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
 
Onun sözlərinə görə, boşanmaların çox səbəbləri var: "Sosial-iqtisadi, psixoloji, intellekt-mədəniyyət fərqləri, mədəni uyğunsuzluq . O cümlədən reproduktiv sağlamlıqla bağlı səbəblər də var. Bu saat psixoloji uyğunsuzluq və mədəni səviyyələrin fərqli olmasını əsas səbəb hesab edirəm. Psixoloji uyğunsuzluq çox ciddi məsələdir. Niyə dədə-babadan əvvəlcə elçilik, bir müddət  sonra nişan və daha sonra toy edərdilər. Ən azı ailələr bir-biri ilə psixoloji uyğunluqlarını tapmalı idilər. Oğlanın özü ilə qızın arasında psixoloji uyğunluq məsələri yoxlanmalı idi. Son vaxtlar bizim çox sayda oğlan və qızlarımız var ki, Avropada təhsil alırlar. Tamam fərqli bir dünyagörüş əldə edirlər.
 
Yüksək təhsil almış, mədəniyyət görmüş bir ailənin övladı ilə o təhsili görməyən adam ailə quranda problemlər yarana bilir. Deyək ki, biri Baxdan, Bethovendən danışacaq, biri inəkdən, it boğuşdurmaqdan. Bu ailədə möhkəmlik olması mümkün deyil. İntellektlər arasında fərq çox olanda ya biri o birinin köləsi olmalıdır, ya da o ailədə xoşbəxtlikdən əsər olmayacaq. Belə olanda da ömür boyu əziyyət çəkməkdənsə, ayrılmaq doğrudur.
 
Amma ayrılmaların birinci səbəbi sosial-iqtisadi problemlərdir. Buna görə əvvəllər gənc ailələrə ata-babalar kömək edərdi. Ayağa durana qədər. Bəzən nəvələri nənə-babalar saxlayardı. Bir az Azərbaycanda ailə modeli də dəyişib. Əvvəlki kimi böyük  ailənin olmaması da öz mənfi təsirlərini göstərir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ