Artıq istirahət mövsümü başlayıb, əksər insanlar məzuniyyət günlərini daha çox bölgələrdə, təbiət qoynunda keçirməyə çalışırlar. Digər tərəfdən, ölkənin quru sərhədlərinin bağlı olması, təyyarə biletlərinin əlçatan olmaması da əhaliyə istirahətini rayonlarda keçirməkdən başqa alternativ saxlamır.
Turizm ekspertləri hələ ötən aydan etibarən bölgələrimizdə aşağı və orta kateqoriyalı hotellərdə doluluq səviyyəsinin 80%-ə çatdığını söyləyirdilər. Doluluğun iyulun ikinci ongünlüyündən sonra və avqustda daha da artacağı proqnozlaşdırılır.
Bəs Azərbaycanın turizm imkanları ilə qiymətləri nə dərəcədə uzlaşır? Hotellərdə günlük qonaqlama qiymətləri neçəyədir? İstirahət mərkəzləri əhali üçün nə dərəcədə alçatandır? “Qafqazinfo” bölgələrdəki hotellərdə vəziyyət və qiymətlərlə maraqlanıb.
Araşdırma nəticəsində məlum olub ki, artıq indidən hotellərin bəzilərində yay rezervasiyaları başlayıb. Ən qaynar vaxtda - iyulun 15-dən sonra bölgələrimizdə yerləşən lüks hotellərdə standart otaqda iki nəfər üçün bir günlük ortalama qiymət 250-300 manat civarındadır.
Bir neçə ay öncə açılışı olan Şabranın “Wellbeing Resort” hotelində qiymətlər 199 AZN-dən başlayır. İyulun 17-nə 2 nəfər üçün standart otaqda qonaqlama 199 manatdır. Bura səhər yeməyi və SPA xidmətləri də daxildir. İki nəfər üçün koteclərdə bir günlük qiymət isə 400 manat müəyyən olunub.
Hoteldən bildirildi ki, həftəiçi günlərdə hoteldə kampaniyalar da mövcuddur. Məsələn, standart otaqda 2 nəfər üçün 2 günlük qonaqlama 333 manat, 3 günlük qonaqlama isə 500 manat təşkil edir.
“Basqal Resort” hoteldə də iki nəfər üçün bir günlük qiymət 199 AZN-dir. 3 gecə üçün standart otaqda 2 nəfərlik qonaqlama qiyməti isə səhər yeməyi daxil 565 AZN-ə təklif olunur.
Hoteldə əlavə olaraq 5 nəfərlik koteclər də var ki, burada 2 gecə üçün 598 AZN müəyyən olunub.
“Lankaran Springs” hotelində 2 nəfər üçün bir günlük qiymət 220 AZN-dir. Bu məbləğə yalnız səhər yeməyi və SPA xidmətləri daxildir.
“Qalaaltı” hoteldə isə 2 nəfər üçün bir günlük qonaqlama qiyməti 160 AZN-dən başlayır. Bu məbləğ standart və mənzərəsi olmayan otaqlar üçün nəzərdə tutulub. Standart dağ mənzərəli otaqda isə 2 nəfərin bir günlük gecələməsi 185 AZN-dir. Qiymətə yalnız səhər yeməyi və SPA xidmətləri daxildir.
“Şamaxı Palace” hotelində də iyulun ikinci ongünlüyündə gecələmə qiymətləri yüksəkdir. İki nəfər üçün standart otaqda gecələmə səhər yeməyi daxil 220 AZN nəzərdə tutulub.
“Quba Palace” hotelində isə iki nəfərin bir günlük istirahəti 325 AZN-ə başa gəlir. Bu məbləğə səhər və şam yeməyi, həmçinin SPA xidmətləri daxildir.
“Gabala Garden” hoteldə isə iyulun birinci yarısınadək dövrdə bütün yerlər rezerv olunub. Yalnız iyulun 27-dən sonrakı tarixlərdə boş yer tapa bildik ki, bu dövrdə iki nəfər üçün standart otaqda bir günlük qonaqlanma qiyməti 233 AZN-dir. Bu məbləğə səhər yeməyi və SPA xidmətləri daxildir.
Lüks hotellərdən fərqli olaraq daha az büdcə ilə dincəlmək istəyənlər isə aşağı kateqoriyalı hotelləri seçə bilərlər. Təbiət qoynunda, meşə və çayların ətrafında təklif olunan koteclərdə 2 nəfər üçün günük qonaqlama 70-100 manat arası dəyişir. Bəzilərində bu məbləğ yalnız gecələmə, bəzilərində isə gecələmə və səhər yeməyi üçün nəzərdə tutulub.
Ölkənin dəniz və meşə ilə əhatə olunan şimal bölgəsində ən ucuz hotellər Nabran ərazisindədir. Burada istirahət mərkəzlərində qiymətlər kotecdən asılı olaraq günlük 60-70 manatdan başlayır. Bir çoxu dövlət qurumları ilə göndəriş əsasında fəaliyyət göstərsə də, gündəlik turist qəbul edən mərkəzlər də çoxdur. Məsələn, “Lotos” istirahət mərkəzində günlük gecələmə 60 manatdır. Məbləğə hotelin hovuzundan istifadə daxildir.
Masallıda “İstisu” hotelində günlük gecələmə qiyməti 70 AZN-dir. Bura yalnız səhər yeməyi daxildir. Meşənin içərisində yerləşən hoteldə hovuz yoxdur.
Şəkidə “Narın qala” hotelində isə günlük gecələmə iki nəfərlik kotecdə 80 AZN təşkil edir. Bura səhər yeməyi və uşaq əyləncəsi daxildir.
Lerikin “Meşəbəyi” hotelində 2 nəfər üçün qiymət 80 AZN, kotecdə gecələmə isə 100 AZN-dir. Qiymətə gecələmə ilə yanaşı səhər yeməyi, qapalı hovuz da daxildir. Həmçinin adambaşı gündə 3 dəfə qidalanma, müalicə, vanna və müxtəlif prosedurlar daxil günlük qiymət 80 AZN olan xüsusi paketlər də təklif olunur.
Bölgələrdəki hotellərdə istirahətə maddi imkanı çatmayanlar isə kənd turizminin yaratdığı imkanlardan yararlana bilərlər. Artıq turizmin inkişaf etdiyi rayonlarda boş kənd evləri əşyaları ilə birlikdə ailələrə kirayə verilir. Bundan başqa bir neçə ailənin dincələ biləcəyi diyi lüks villalar da var ki, hotellərlə müqayisədə qiymətləri daha sərfəlidir. Ən çox Qəbələ, Qax, İsmayıllı, Şamaxı, Qusar və digər rayonlarında təklif olunan bu villaların qiymətləri də ötən illərlə müqayisədə xeyli yüksəlib. Əvvəllər 150-200 manata da günlük villalar tapmaq olurdusa, artıq qiymətlər 250-300 manatdan başlayır, 400-500 və daha yüksək məbləğə qədər davam edir.