Bakıda olay: Vəkil qayınatası ilə birləşib, qonşusunu döydü - video

Bakı şəhər Nərimanov rayonunun ərazisində yerləşən “Şəhər Bağları” yaşayış kompleksinin bir qrup sakini arasında insident yaşanıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, kompleksdə yaşayan 73 yaşlı Tofiq Hüseynov həyətdə gəzərkən qəfil hücuma məruz qalıb. Sakinlərin bildirdiyinə görə, T.Hüseynov axşam saatlarında həyətdə olarkən onunla eyni kompleksdə yaşayan Aydın Hüseynov tərəfindən bıçaqla hədələnib. O, qonşusunun əlində bıçaq ona tərəf gəldiyini görüb. Qaçıb uzaqlaşmaq istəyərkən A.Hüseynovun kürəkəni Məharət Hüseynli onu vuraraq yıxıb. Yerdə uzanıqlı vəziyyətdə olan T.Hüseynova zərbələr endirib. Bu zaman Tofiq Hüseynovun oğlu atasına kömək etmək istəyərkən o da Məharət Hüseynli tərəfindən vurulub.

M.Hüseynlinin zərbə endirdiyi 73 yaşlı sakin xəstəxanaya yerləşdirilib. T.Hüseynov başından yüngül travma alıb, sol çiyni əzilib, qulağı kəsildiyi üçün tikiş qoyulub. Yaşayış kompleksinin digər sakinləri və mühafizə xidmətinin işçiləri də hadisəyə şahidlik ediblər. Mühafizə polisinin mübahisəyə müdaxiləsindən sonra ortalıq sakitləşdiyi deyilir. Ancaq daha sonra M.Hüseynli və A.Hüseynovun yenidən qonşularla şiddətlə mübahisəyə başladığı bildirilir.

Nəşr hadisənin başvermə səbəblərini öyrənmək üçün Məharət Hüseynli ilə əlaqə saxlayıb. M.Hüseynli xəbəri təkzib edib:

“Xeyr, belə bir hal yoxdur. Görüntülərdə nə olduğunu bilmirəm”, - deyə Məharət Hüseynli deyib.

Qeyd edək ki, Məharət Hüseynli hüquqşünasdır. Onun “Sumqayıt Aşqarlar” ASC-də, “EL OİL” LLC-də və EL HOLDİNG – də hüquqşünas olduğu bildirilir. Həmçinin Məharət Hüseynli “Avtomotisevis” ASC-nin baş direktorudur.

Yazıda adları çəkilən digər şəxslərin mövqeyini dərc etməyə hazırıq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ