İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənərək hərəkət qismən bərpa olunub.
Bu gün günorta saatlarında başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət qismən aradan qaldırılıb.
Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunub.
Hazırda ərazidə hərəkətin tam bərpa olunması istiqamətində işlər davam etdirilir.