Qiymətlər bahalaşıb. Azərbaycanlılar bu yay harada istirahət edəcəklər?

Ənənəvi olaraq, yay istirahət və məktəb tətilləri vaxtıdır. Bəzi azərbaycanlılar əvvəlcədən xarici ölkələrə turlar sifariş edib, digərləri isə yerli turizmə üstünlük verəcəklər. Azərbaycanda xüsusi karantin rejiminin oktyabrın 1-nə qədər uzadılması ilə ölkənin quru sərhədləri də vətəndaşların üzünə bağlı qaldı. Belə olan halda insanlar yalnız hava nəqliyyatı ilə xarici ölkələrə üz tuta biləcəklər. 

Buta.media mövzu ilə əlaqədar Azərbayca Litva Dostluq Evi (Alde Tur) turizm şirkətinin müdir müavini Tural Zeynalovla söhbətləşib.

Azərbaycanlılar daha çox hansı istiqamətlərə turlar sifariş ediblər?

“Hər il olduğu kimi, bu il də Türkiyə istiqamətində tur paketlərin satışı daha çox olub. Bununla belə, ötən illərlə müqayisədə faiz nisbətində Türkiyəyə tur götürənlərin sayında azalma var. Misal üçün, ötən il azərbaycanlı turistlərin 80 faizi Türkiyə istiqamətinə tur bron edirdisə, bu il onların sayı 50 faizə düşüb.  Əvəzində isə Avropaya gedənlərin sayı artıb (30 faiz). Eyni zamanda, bu il Misirə 15 faiz digər ölkələrə isə beş faiz tur paketlər götürülüb”, - Zeynalov bildirib.

Qeyd edək ki, Türkiyəyə üçmaq istəməyən səyahətçilər üçün alternativ olaraq Misir və BƏƏ təklif olunur. Bu ölkələrin kurortlarına da Azərbaycandan birbaşa reyslərlə çatmaq mümkündür. Lakin həm Misir, həm də BƏƏ-də havanın çox isti olması turistlər üçün narahatçılığa səbəb olur (yay aylarında havanın temperaturu 40 dərəcədən yüksək olur). Bu səbəbdən səyahətçilər özlərini yalnız səhər saatlarında rahat hiss edirlər.

Hotellərin qiymətində ciddi bahalaşma var

Türkiyə uzun illərdir ki, azərbaycanlılar üçün ən populyar yay istirahət məkanlarından biri sayılır. Bu gün Azərbaycandan Aralıq, Mərmərə, Egey və Qara dəniz kurortlarına daimi çarter reysləri yerinə yetirilir. Gürcüstanla quru sərhədlərin bağlı qalması, bu ölkəyə tələbatı daha da artırmalı idi.

Həmsöhbətimiz deyir ki, bu il də Türkiyəyə tələbat yüksək olub. Lakin ötən illərlə müqayisədə Türkiyə hotellərinin qiymətlərində ciddi bahalaşma var. Hazırda Türkiyədə dollar və avronun kursunun yüksək olması da, qiymətlərə təsir edir: 

“Türkiyə hotəllerinin qiymətlərində 100 faiz, bəzilərində isə hətta 200 faiz artım qeydə alınıb. Müqayisə üçün, Avropa hotellərində bu rəqəm 20-25 faiz, Azərbaycan hotellərində isə 20-30 faiz  olub”.

Ölkə daxilində istirahət daha sərfəlidir

“Azərbaycanda qiymət baxımından istirahət üçün ən uyğun rayonlar Gədəbəy, Qax, Zaqataladır. Lakin bu istiqamətlərdə turizm obeyktlərinin sayı yetərincə deyil”, - T.Zeynalov vurğulayıb.

Mütəxəssis qeyd edir ki, ölkədaxili ən çox maraq göstərilən turlar günlük turlardır.

“Bir nəfər üçün tərxminən 20-30 manat aralığında təşkil edir. Bu turlara marağın başlıca səbəbi qiymətin münasib olması və insanların vaxt məhdudiyyəti ilə bağlıdır.

Bir gecəlik turlara da, üstünlük verilir. Qiyməti istiqamət və hotelə görə 80-120 manat aralığında dəyişir. İki gecəlik turların qiyməti isə 160-220 manat təşkil edir”.

Tural Zeynalov həmçinin əlavə edib ki, həftəsonları səyahətçilər daha çox Xızı, Şamaxı, İsmayıllı və Qəbələ rayonlarına üz tuturlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ