İlham Əliyev Ermənistanla sülh şərtlərini açıqladı

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtlərini bir daha xatırladıb.

“Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Mən dedim ki, bu sözlər kifayət deyil, daha dəqiq sözlər deyilməlidir və keçən ay artıq bir daha rəsmən nəinki ərazi bütövlüyümüz Ermənistan tərəfindən tanınıb, hətta Azərbaycan ərazisinin parametrləri də qeyd olunub. Yəni, bu, müsbətə doğru atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Əks təqdirdə, sülh olmayacaq”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı əlavə edib ki, Azərbaycanın şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır:

“Bu, bizim haqlı tələbimizdir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürmüşdür. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Digər şərtimiz odur ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Bu da icra edilmir”.

İlham Əliyev qeyd edib ki, Azərbaycan hələlik özünü təmkinlə aparır. 

“Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik. Bu gün biz azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuluq. Biz keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarırıq. Biz Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibik. Biz o mövqelərdə möhkəmlənirik. Strateji yüksəkliklərdə olmağımız bizə strateji üstünlük təmin edir. Yenə də deyirəm, biz son iki il yarım ərzində Ordumuzu böyük dərəcədə gücləndirmişik. Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ