Respublika Baş Prokurorluğu “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin açılacığı barədə məlumatlara aydınlıq gətirib.
Baş Prokurorluqdan Buta.media-ya bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə informasiyalar yayılıb.
"Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyul 2016-cı il tarixli qərarı ilə Milli Televiziya və Radio Şurasının “ANS Müstəqil Yayım və Media Şirkəti”nə qarşı kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verilməsi barədə iddiası təmin edilərək şirkətə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə və telekanalın fəaliyyətinə xitam verilib.
Baş Prokurorluqda istintaq edilən “ANS Müstəqil Yayım və Media Şirkəti” MMC-nin vəzifəli şəxslərinin vətəndaşların hüquqlarını pozan, habelə qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməkdən yayındıran və başqa cinayət əməllərinin törədilməsi üzrə cinayət işinin icraatına şəraitin dəyişməsi ilə əlaqədar onlara aid hissədə xitam verilib", - deyə məlumatda bildirilib.
14:32
"Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq”.
Buta.media xəbər verir ki, bunu ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib.
"Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi! Çingiz demişkən: "Heç kim və heç nə unudulmayacaq!", - Vahid Mustafayev vurğulayıb.