Aramızdan qəfil ayrılanlar... - Fotolar

Son illərdə Azərbaycan mətbuatı bir sıra itkilərlə üzləşib. Tanınmış media nümayəndələrinin qəfil ölümü onları sevənləri dərin kədərə boğub.

“Qafqazinfo” xəbər verir ki, ötən gün 52 yaşında doğma yurdu Kəlbəcərə səfər edən zaman dünyasını dəyişən Zülfüqar Hüseynzadənin vəfatı da bunlar sırasındadır. O, 93-cü ildə vəfat edən nənəsinin məzarını tapmaq üçün doğulduğu Başlıbelə yollanmışdı. 

Tanınmış telejurnalist, Cüdo Federasiyasının Baş katibinin mərhum müavini Elnur Əşrəfoğlu da aramızdan zamansız ayrıldı. Bu gün doğum günü olan Əşrəfoğlu 2021-ci ilin oktyabrın 19-da koronavirusdan vəfat etmişdi.

2021-ci ilin iyunun 4-ü də media üçün sarsıdıcı gün oldu.

Həmin tarixdə “AzərTAc”ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov öz vəzifə borclarını yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndində ermənilərin yolun hərəkət istiqamətində yerləşdirdiyi minaya düşərək şəhid olublar. 

Tanınmış jurnalist Qadir İbrahimli isə ötən il dünyasını dəyişib.

O, ötən ilin mayında kəskin qaraciyər sirrozu diaqnozu ilə M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin ciddi səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı.

Digər tanınmış jurnalist Natiq Qədimov isə 2017-ci ildə vəfat edib. Onun qəfil gedişi infarktdan olub.

Həmin ildə jurnalist Zabil Müqabiloğlu da dünyasını dəyişib. O, uzun sürən xəstəlikdən sonra 39 yaşında vəfat edib.

Tanınmış jurnalist Araz Zeynalov da ötən il uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, Vesti.az saytının baş redaktoru olub. 

Jurnalist Nicat Məlikov da 39 yaşında 2018-ci ildə vəfat edib. Onun da ölümünə səbəb infarkt olub. 

N.Məlikov mağazaya gedərkən qəfil yerə yıxılıb, ürəktutmasından vəfat edib. Onun da sonuncu iş yeri “Vesti.Az” saytı olub.

Tanınmış teleoperator Tural Qasımov isə aramızdan bir neçə gün öncə ayrılıb. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir. Tural uzun müddət “Lider” və ATV kanallarında çalışıb. Sonuncu iş yeri isə APA TV olub. 

Tural Qasımov tanınmış jurnalist İlqar Əlfioğlunun övladıdır.

Gənc jurnalist Elvin Rüstəmov da 31 yaşında avtomobil qəzasında vəfat edib.

Ötən il vəfat edən Elvin həm də, Xızının Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi kimi çalışırdı. O, eyni zamanda “Neftçi TV”nin əməkdaşı idi.

Ellada Mustafayeva da gənc yaşında vəfat edən media nümayəndələrindən idi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri olan Ellada Mustafayeva, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Ölümündən 3 ay əvvəl ailə həyatı quran E.Mustafayeva bir sıra media orqanlarında da çalışmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ