Bu gün Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində vətəndaşa məxsus qarajda yanğınla nəticələnən partlayış olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 1983-cü il təvəllüdlü Vəliyev Kamal Nizami oğluna məxsus ümumi sahəsi 30 m² olan qarajda yanğınla nəticələnən partlayışın baş verib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində qarajın yanar konstruksiyaları və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1983-cü il təvəllüdlü Vəliyev Kamal Nizami oğlu, 1986-cı il təvəllüdlü Şükürov Bünyamin Şükür oğlu, 2004-cü il təvəllüdlü Əzizov Nicat İlqar oğlu, 2013-cü il təvəllüdlü Şükürov Sərdar Bünyamin oğlu və 2015-ci il təvəllüdlü Vəliyev Mövlud Kamal oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Yanğınsöndürənlər tərəfindən, həmçinin hadisə yerində digər zəruri təhlükəsizlik tədbirləri görülüb.