Vətən müharibəsi qazisi Elnur Səmədov Eldar oğlu Qaradağ rayon İcra Hakimiyyətinin qarşısında şəxsi maşınını yandırıb.
“Qafqazinfo” sözügedən məsələ ilə bağlı Qaradağ RİH-nə sorğu ünvanlayıb.
İcra Hakimiyyətindən verilən məlumatda bildirilib ki, Ələt qəsəbəsində qeydiyyatda olan,1-ci qrup Vətən müharibəsinin əlili, 30 oktyabr 1990-cı il təvəllüdlü Səmədov Elnur Eldar oğlu Qaradağ Rayon İcra Hakimiyyətinin həyətində özünə məxsus “Khzar Azsamand” markalı 77-BE-990 dövlət nömrə nişanlı avtomobilini yandırıb:
“Qazinin səhhəti ilə əlaqədar Türkiyədə müalicə almaq, yaxın qohumlarının mənzil-məişət və sosial şəraitinin yaxşılaşdırılmasını tələb edir.
Səmədov Elnur Eldar oğlu 44 günlük Vətən müharibəsində yaralanmışdır və 1-qrup əlillik təyin olunub. Əlillik təyin olunduqdan sonra Dövlət tərəfindən Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyi təyin olunmuş şəxslər üçün nəzərdə tutulmuş bütün imtiyazlar verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 1-ci qrup Qarabağ əlilləri üçün təyin olunmuş müavinət və prezdent təaqüdü ödənilir.
O, 27 avqust 2021-ci ildə maşın, 12 noyabr 2021-ci ildə ikiotaqlı mənzillə təmin edilib. Yaşat fondu tərəfindən ölkənin müxtəlif klinika və xəstəxanalarında müalicələri həyata keçirilib. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılıb və müraciətlərinin həlli üçün müvafiq köməkliklər göstərilib”.