Dünəndən hamının danışdığı Azər Kərimov kimdir?

Massaçusets Texnologiya İnstitutunda (MİT) təhsil alan azərbaycanlı tələbə Abutalıb (Barış) Namazovun sosial şəbəkə hesabında Türkiyədə çalışan azərbaycanlı riyaziyyatçı alim Azər Kərimovla bağlı paylaşımı ötən gündən bəri müzakirələrə səbəb olub.

A.Namazov qeyd edib ki, təhsil aldığı ştatda tələbələrlə gəzintiyə çıxarkən ona yaxınlaşan türkiyəli şəxs azərbaycanlı alimlə bağlı xoş sözlər deyib, məhz bu alim sayəsində Azərbaycanı çox sevdiyini dilə gətirib. Azər Kərimovdan Türkiyədə Bilkent Universitetində dərs aldığını söyləyən gənc azərbaycanlı alimi çox ziyalı, alicənab, gözəl qəlbi olan, dürüst bir elm adamı kimi təqdim edib, Türkiyədə ondan dərs alan tələbələrin mühazirələrə qatılmaq üçün yenidən qeydiyyata düşdüklərini bildirib. O, həmçinin alimin Azərbaycanda o qədər də tanınmamasından təəssüf hissi keçirdiyini vurğulayıb.

Bəs Azərbaycanda o qədər də tanınmayan Azər Kərimov kimdir?

Fizika-riyaziyyat elmləri doktoru olan Azər Kərimov Türkiyədə İhsan Doğramacı adına Bilkent Üniversitetinin professorudur. Qardaş ölkədə yüzlərlə riyaziyyatçının yetişməsində əməyi olan alim, həm də Türkiyə Riyaziyyat Olimpiadaları Komitəsinin sədridir.

O, 1961-ci ildə şair Əli Kərimin ailəsində dünyaya gəlib. Orta təhsilini Moskvada fizika-riyaziyyat məktəbində alıb. Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini bitirib. 30 ildən çoxdur ki, Türkiyədə yaşayır və fəaliyyət göstərir.

Alim 2001-ci ildən bəri hər ay Bilkent Universitetinin veb saytında “Ayın riyazi problemi”ni yayımlayır. Onun bu ideyası dünyanın müxtəlif yerlərindən olan riyaziyyatçıların diqqətini cəlb edir. İndi hər ay bütün dünyada riyaziyyat həvəskarları A. Kərimovun hazırladığı riyazi məsələni həll etmək üçün bir-biri ilə yarışırlar.

Azərbaycanda o qədər də tanınmasa da, Türkiyə mətbuatında riyaziyyatçı alimlə bağlı məqalələrə rast gəlinir. Həmin materiallarda qeyd olunur ki, 1990-cı ildə Türkiyənin Beynəlxalq Riyaziyyat Olimpiadasındakı yeri qənaətbəxş deyildi. Bürünc medal alan məktəblilər uğurlu sayılırdı. Azərbaycanlı riyaziyyatçı alimin də ciddi dəstəyi sayəsində bu sahədə qısa müddətdə xeyli irəliləyiş olub. 1999-cu ildə qazanılmış ilk qızıl medaldan sonra Türkiyə komandası dünyanın sayılan komandaları sırasına daxil ola bilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ