“Əliyev-Putin-Ərdoğan münasibətləri Amerika və Avropa Birliyini qəzəbləndirir”

“44 günlük müharibənin qəfil baş verməsi ilə Qərb özünü məğlub sayır, bölgədən çıxarılması ilə barışmır və hər vəchlə geri dönməyə can atır”.

Bu fikirləri deputat Zahid Oruc Milli Məclisin iclasında bildirib.

Deputat qeyd edib ki, Avroparlamentdə Laçın yolunu gündəmə çıxaranlar 10 noyabr sənədini tanımadıqları halda 6-cı bənddən-Rusiya sülhməramlarının məntəqəni qorumadığından danışıb özlərini ifşa ediblər:

“Bəli, 30 il o yolu icazəsiz keçənlərin qarşısına indi sədd çəkilib. Beləliklə, Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması Qərbin planlarına zərbə vurub. Jozef Borrel 51 dövlətin 100 milyard dollardan artıq yardım etdiyi Ukraynanın anti-Rusiya koalisiyasına Azərbaycanı da qoşmaq istəyir. Ukrayna müharibəsini Qafqazlara qədər uzadıb Rusiya ordusunu bir neçə cəbhəyə parçalamağa çalışırlar. Bir əsr əvvəl bolşevik inqilabı olmasaydı, indi Vudro Vilsonun və Almaniya-Britaniyanın qüvvələri bölgəmizdə hökmranlıq edirdi. Ssenari eynidir:NATO qüvvələrini Gümrüyə gətirsinlər”.

“Göründüyü kimi, Paşinyana Brüssel və Parisdən güclü təzyiqlər var. USAİD, UNİSEF, YUNESKO və digər humanitar təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti agentura şəbəkəsinə çevrilib və onların Qarabağa gələn missiyası hərbi-kəşfiyyat planlarını həyata keçirirlər. Dünən bütün erməni informasiya kanallarında Həkəri körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması zamanı ölkəmizin qəhrəman oğulları ilə Rusiya sülhməramlılarının birgə hərəkət etməsinə qarşı genişmiqyaslı qarayaxma kampaniyası aparılırdı. 30-cu ildönümünü yaşadığımız hazırkı iyun günlərində bizi Rusiya ilə 90-cı illərdəki kimi toqquşdurmaq istəyirlər. Əliyev-Putin-Ərdoğan arasında münasibətlər Amerika və Avropa Birliyini qəzəbləndirir. Lakin plan işləmir. Dünənki Zəngilan, Laçın və digər sərhəd nöqtələrində təxribatlarla Strasburqdakı, Brüsseldəki siyasi şantaj dolu müzakirələr vahid mərkəzdən idarə olunur. Xalqımız bilir ki, Rusiya-Amerika savaşı Ermənistan-Azərbaycan arasında sülhə imkan vermir. İrəvan və Bakı barış istəyirlərsə, gedib müqaviləni Brüssel, Moskva və Vaşinqtonda deyil, Zəngəzurda imzalasınlar”, - deyə Zahid Oruc vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ