Misir Mərdanov: Hazırda 4600 manat təqaüd alıram - video

Azərbaycanın sabiq Təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov yeni açıqlaması ilə gündəmə gəlib.

Söz.az-ın qonağı olan sabiq nazir fəaliyyəti boyu heç vaxt rüşvət almadığını bildirib:

“Misir Mərdanov heç kəsdən bütün fəaliyyətləri boyu rüşvət almayıb. Harada işləmişəmsə, çalışmışam ki, düzgün işləyəm, vətənimə, millətimə, xalqıma xidmət edəm. Etmişəm də, bu gün də bunun nəticəsini görürəm.  Bu gün hara gedirəmsə, mənə yol verirlər, hara getsəm, hörmətlə yanaşırlar. Həmin dövrdə məndən çox yazanlar olub, yazdıranlar da olub. O dövrdə böyük vəzifə tutan adamlar var idi ki, düşünürdülər ki, niyə Misir Mərdanov gələndə hamı ayağa durur, ancaq bizə salam vermirlər?”

O, nazir olduğu vaxtda və hazırda aldığı əməkhaqqı və təqaüdlərin məbləğini də açıqlayıb:

“Mən nazir işləyəndə dövlətin siyasi vəzifəsində idim. Son vaxtlarda haradasa 3 min manata yaxın əməkhaqqı alırdım. Və onu deyim ki, həmin əməkhaqqı ilə ailəmi dolandırırdım, hətta uşaqlarıma da pay qalırdı. Yeri gəlmişkən, mən nazir vəzifəsinə təyin olunanda universitetin rektoru idim, anam nazir olmağıma heç razı deyildi, deyirdi ay bala, sənin nəyinə lazımdır, gedib o qalmaqalın içinə başını qoşma. Hərdən haqqımda yazılan mənfi şeylər görəndə deyirdi ki, "Gördünmü? Mən sənə deyirdim getmə. İstəmirəm haqqında belə şeylər yazılsın". Atam isə vəzifədə çalışmışdı deyə belə şeylərə normal baxırdı.

Hər zaman aza da, çoxa da qane olmuşuq. Heç zaman mən də,  ailə üzvlərim də cəmiyyətdə sadə insanlardan seçilməmişik. Uzun illər dövlət vəzifəsində çalışdığım üçün bu gün dövlətimiz mənə böyük təqaüd verir. Elə bu gün də məktub gəldi ki. Təqaüdüm yenə artıb. Təqribən, 4600 manat təqaüd alıram. Eyni zamanda, Akademiyanın müxbir üzvüyəm, oradan da 1200 manat oradan alıram, 1000 manat da bu iş yerimdən əməkhaqqı alıram. Aldığım əməkhaqqı ilə ailəmizi normal dolandıra bilirik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ