Prokurorluq işçiləri üçün tikilən binada təhlükəli vəziyyət - Video

Bakının Xətai rayonunda prokurorluq işçiləri üçün inşa edilmiş çoxmərtəbəli binada təhlükəli vəziyyət yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bina sakini olan Pərviz Əzimov yaranmış təhlükəli vəziyyətlə bağlı sosial şəbəkələrdə görüntülər paylaşıb.

O bildirilib ki, 2022-ci ildən Xətai rayonu, Ceyhun Həsənov, 81 ünvanındakı binaya köçdükdən sonra müxtəlif problemlərlə üzləşiblər: “Bina Baş Prokurorluq tərəfindən işçiləri üçün tikilib. Həmin işçilər də evi satıb, almışıq. Binada problemlər dəhşətli həddədir. Zirzəmidə daimi qrunt suları var, divarlar artıq erroziyaya uğramağa başlayıb, parklanma sahəsinə girirsən, biabırçılıqdır. Divarlar nəmişlik içindədir. Hər yer zibil tullantısı ilə doludur. Sahibsiz və ya hələ təmir olunmamış evlərin pəncərələri sökülüb yerə düşür. Hər küləkdə böyük parça şüşə düşür. Avtomobillərin üstünə düşməyi də olub. Şükür ki, hələ insan üstünə düşməyib”.

Qeyd edilib ki, problemlərlə bağlı Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti və bir neçə başqa quruma dəfələrlə məktubla müraciət edilsə də, nəticəsi olmayıb.

Məsələ ilə bağlı FHN-nin Mətbuat xidmətindən saytımızın sorğusuna cavab olaraq bildirilid ki, problemdən xəbərdardırlar: “Bu məsələ ilə bağlı araşdırma aparılır. Səlahiyyətlərimiz çərçivəsində tədbir görüləcək və ictimaiyyətə məlumat veriləcək".

Binanın tikintisini həyata keçirən və hazırda binaya nəzarət ediən "Qayğı" MTK-nın rəhbəri Mircavan Kazımovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ