“Molla oxuduğu duanın pulundan vergi verməlidir”

Bütün dövlətlərin əsas gəlir mənbəyi əhalidən yığılan vergilərdir. Həmin vergilər hesabına formalaşan büdcə təkrarən insanların ehtiyaclarını ödəməyə və azad ölkə qurmağa sərf edilir. 

Mövzu ilə bağlı Yenisabah.az-a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov danışıb. 

Toylardan və yaslardan əldə edilən gəlirdən vergi verilməsini təklif edən kulturoloq sərt reaksiyalarla üzləşsə də, fikrindən dönməyib. 

O, bildirib ki, hər bir vətəndaş qazandığı pulun qanunla nəzərdə tutulmuş hissəsini, yəni vergini mütləq ödəməlidir. Lakin vergi intizamı, vergi mədəniyyəti olmayan ölkədə bunu etmək çox çətindir: 

"Azərbaycanda hər gün tanınmış adamlara müxtəlif mükafatlar verilir. Heç bir mükafat da elə belə verilmir. Onların arxasında ianələr durur, yəni mükafat alan şəxslər üzvlük haqqı, ianə formasında həmin mükafatı təqdim edən təhcizatlara, şəxslərə  pul verilir. Həmin pullardan da vergi tutulmalıdır. Və yaxud hansısa formada vəsait dövlətin büdcəsinə keçirilməlidir. Nə üçün biz belə məsələlərdə boşluqlar buraxmışıq? Nə əcəb, vergi müfəttişləri, dövlətin büdcəsinə girməli olan vəsaitlərlə məşğul olan şəxslər buna diqqət ayırmayıblar? 

Sənətçilər, müğənnilər vergi verə bilirlər, bəs nə üçün pulla yasa gələn mollalardan vergi tutulmasın? Niyə onların gəlirlərinin bir hissəsi vergiyə cəlb edilməməlidir? Məgər molla pensiya almayacaq, yaxud mollanın uşağı bizim ümumi büdcədən maliyələşən orta məktəblərdə oxumur? Və yaxud onların uşaqları dövlət büdcəsindən müavinətlər, güzəştlər almırmı? Maddi imkanı olmayanlara sosial müavinətlər vermirikmi? Ona görə də bütün insanlar bunu dərk etməlidir və vergi verməlidir". 

Kulturoloq qeyd edib ki, ümumiyyətlə, hər bir vətəndaş yaşadığı dövlətin zəngin və azad olmasında maraqlı olmalıdır:

"Taksi sürücüləri, ofisiantlar və digər peşə sahibləri vergi verməlidir. Elə ofisiantlar var ki, günə 50 manat bəxşiş qazanır, amma niyəsə  onların vergiyə cəlb edilməsi məsələsində boşluqlar var. 

Ümumiyyətlə, xidmət sahəsində çalışan insanların özləri də anlamalıdırlar ki, vergi mədəniyyətinin formalaşması, oturuşması həm ölkənin inkişafına, həm də cəmiyyətin iqtisadi rifahının yüksəlməsinə səbəb olur. Cəmiyyət artıq buna keçməlidir və qəbul etməlidir ki, əldə etdiyi hər gəlirdən dövlət büdcəsinə  müəyyən qədər vergi verilməlidir. Zatən tarixin hər dönəmində dövlət özünü vergilərlə, töycülərlə dolandırıb. İndi də belə olmalıdır. Get-gedə neftdən asılı olan cəmiyyətdən, vergidən asılı olan cəmiyyətə keçid etməliyik". 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ