Dağılmış Bakı avtovağzalı: sərnişinlər niyə “xaltura” edənlərə tərəf qaçırlar?

Bakı Beynəlxalq Avtovağzalında olan hər kəs köhnəlmiş minivenlərdə və ya tamamilə sıradan çıxmış mikroavtobuslarda müxtəlif rayonlara ucuz qiymətə getməyi təklif edən sürücülərə rast gəlib.

Haqqin.Az yazır ki, son illərdə ölkə daxilində bu “partizan” daşıma növü yenidən populyarlıq qazanır. Etiraf etmək lazımdır ki, tez-tez müxtəlif yol-nəqliyyat qəzalarına düşən köhnə avtomobillərdə səyahətin bütün “cazibələrinə” baxmayaraq, nədənsə bu növ daşıma insanlar arasında çox populyardır. Lakin Bakı Avtovağzalının “rəsmi” müasir, təhlükəsiz və komfortlu avtobusları ilə təyinat yerinə çatmaq istəyənlərin sayı xeyli azdır.

Hamı “xaltura” edənlərə tərəf qaçır, lakin polisdən qorxur

Sərnişin daşımalarına cavabdeh olan dövlət strukturları stansiyanı qanunsuz sərnişindaşıyanlardan təmizləmək üçün vaxtaşırı nəzarət reydləri təşkil edir. Lakin sonuncular onlara çoxdan öyrəşiblər və buna görə də müxtəlif hiylələrə əl atırlar, yerlərini dəyişirlər və sərnişinləri “ovlamağa” davam edirlər.

Adının açıqlanmasını istəməyən bu qanunsuz daşıyıcılardan biri bildirib ki, onların avtovağzal ərazisinə daxil olmasına icazə verilmir, avtomobillərini yaxınlıqdakı kafelərin həyətində və ya ara küçələrdə saxlamalı olurlar.

Sürücü ağır həyatdan və polisin həmkarlarına tətbiq etdiyi daimi cərimələrdən şikayətlənib.

“Bizi saxlayan kimi polis dərhal 100 manat cərimə yazır”, – sürücü şikayət edir. - Ordakı oğlanı (sürücülərdən birini göstərir) dünən 81 manat cərimələyiblər. Avtomobillərimizi avtovağzal ərazisinə buraxmırlar, bizə təklif olunan dayanacaqların isə saatı bir manata başa gəlir. Bu çox bahadır!”

Digər sürücü isə sərnişinlərin daşınmasına vəsiqələrin verilməsinin dayandırıldığı üçün qanunsuz fəaliyyətə keçdiyini bildirib. O, əmindir ki, indiki yoxlama reydləri maksimum 5-10 gün davam edəcək, sonra onun təbirincə desək, “hər şey yoluna düşəcək”.

Onun sözlərinə görə, “ən pis halda başqa yerə keçmək olar”:

“Əvvəllər həmkarlarımla metronun “20 Yanvar” stansiyasının yaxınlığında, daha sonra “Şamaxinka” ərazisində müştəri yığırdıq. Düzdür, bizi hər yerdən qovdular, ona görə də avtovağzala gəlməli olduq. Mən özüm uzun illərdir Bakı-Gəncə marşrutu üzrə işləyirəm, daimi müştərilərim var. Odur ki, bizi avtovağzaldan sıxışdırıb cərimələrlə boğmaqdansa, qanuna uyğun işləmək imkanı yaratsınlar. Bizim də ailələrimiz var. İnanın, heç kim səhərdən axşama kimi küçədə əyləşib, boğazını yırğalayıb müştəri çağırmaqla sevinmir. Rahat işimiz olsaydı, burada qalmazdıq”.

Sürücülər nəinki reydlər, hətta polisin maşınlarını dəqiq harada saxlayacağını əvvəlcədən bilirlər.

Bakı avtovağzalı ölkənin istənilən bölgəsinə səfərlər təklif edir. Buna baxmayaraq, insanlar kassadan bilet almağa tələsmirlər, çünki avtovağzala girməzdən əvvəl qanunsuz sərnişin daşıyanlarla rastlaşırlar. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ