Bayramovla Mirzoyanın Vaşinqton görüşü təxirə salındı

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ABŞ-da keçirilməsi planlaşdırılan danışıqların növbəti raundu təxirə salınıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınıb. Görüşün yeni tarixi barədə ictimaiyyətə lazımi qaydada məlumat veriləcək”, - açıqlamada deyilir.

Xatırladaq ki, daha əvvəl Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun iyunun 12-də başlayacağını bildirmişdi.

Nazirlərin bundan öncəki Vaşinqton danışıqları 4 gün (1-4 may) davam edib. Onlar ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Azərbaycanla Ermənistanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ