DYP reyd keçirdi: 150-dən çox avtobus sürücüsü saxlanıldı - video

Yol polisi nasaz, həmçinin texniki baxışa təqdim edilməyən avtobus sürücülərinə qarşı tədbirlərə başlayıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, son bir neçə gün ərzində keçirilən belə tədbirlər zamanı 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb.

Bildirilib ki, həmin sürücülər barəsində qanunauyğun tədbirlər görülüb. Avtobuslardan 100-dən çoxunun dövlət nömrə nişanının dəyişdirilməsi, nasazlıqların aradan qaldırlması və texniki baxışdan keçirilməsi təmin edilib.

Onların mənsub olduğu sərnişindaşıma şirkətləri qarşısında nəqliyyat vasitələrinin dövlət nişanlarının bərpa edilməsi tələbi qoyulub. Sərnişinlərin rahatlığını təmin etmək və avtobusların qısa müddətdə xəttə qayıtması məqsədi ilə onlara dövlət qeydiyyat nişanlarının dəyişdirilməsi, nasazlıqların aradan qaldırılması və texniki baxışdan keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsində xüsusi şərait yaradılıb.

Hər kəsi texniki cəhətdən nasaz avtobuslarla səfər etməyin ağır faciələrə səbəb ola biləcəyini anlamağa və polis əmədakdaşlarının bu sahədə həyata keçirdikləri profilaktik tədbirlərə öz tövhəsini verməyə çağırırıq. Avtomobillərin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısınını alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir.

Qeyd edilib ki, sürücülər avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəsi və “902” qaynar xətti ilə əlaqə saxlaya bilərlər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ