Piyada xəsarət aldı, sonra hərəkətə keçdilər: “AMAY”ın fasadını yamayırlar - FOTO

“AMAY” Ticarət Mərkəzinin binasının fasadının bir hissəsi qopub və fəsad yaradıb.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, sözügedən binanın yuxarı mərtəbələrində fəaliyyətin olmadığı deyilsə də, binanın birinci mərtəbəsində dövlət əhəmiyyətli qurumların filialları fəaliyyət göstərir.

Paylaşımda qeyd edilir ki, bu gün fasadın bir hissəsi qoparaq küçədən keçən piyadanın üzərinə düşüb:

“Bu gün gözümüzün önündə, şəkildə işarələn yerdən daş düşərək, altdan keçən adamın çiynini və bir maşını əzdi. Xoşbəxtlikdən, piyadaya bir şey olmayıb. Həmin şəxsi ölümdən bir neçə saniyə ayırdı. Amma bu bina potensial ölüm mənbəyidir. Bina günü-gündən, baxımsızlıqdan sözün əsl mənasında dağılır. Şəhər rəhbərliyi hara baxır? Niyə bu qəzalı vəziyyətdə olan binaya bir əncam çəkmirlər? Yenə hərəkətə keçmək üçün ölüm gözləyirlər?”

Vətəndaş hadisə ilə bağlı aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinə (FHN) də müraciət ünvanladığını bildirib.

FHN-dən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan obyektə nazirliyin mütəxəssisləri tərəfindən baxış keçirilib:

“Müəyyən olunub ki, binanın divarına vurulan üzlük aqlay daşları qoparaq piyadaların yoluna tökülür. Faktla bağlı aidiyyəti üzrə müraciət ünvanlanıb”.

Daha sonra “AMAY” Ticarət Mərkəzinin binasının fasadının qopmuş hissəsini bərpa etməyə çalışıblar.

Oxu.Az bununla bağlı görüntü əldə edib. Görüntüdə binanın dördüncü mərtəbəsindəki çıxıntının altı hissəsinin bərpa edildiyi əks olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ