Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, həmçinin Gəncədə yaxınlarının mənzilində axtarış aparılıb.
Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, axtarışlar B.Hacıyevin Gəncə şəhərində olan atasının, qardaşının, onun dostlarının evində və avtomobilində də aparılıb:
“Hazırda axtarış götürmə istintaq hərəkətləri aparılır, hətta telefonları da əllərindən alınıb”.
Vəkil axtarışların məqsədinin B.Hacıyevə yeni ittihamların irəli sürülməsi ehtimalı ilə əlaqələndirib.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir və saxlanılan yoxdur.