Fərid Səfərli ilə görüş üçün iş aparılır - Ceyhun Bayramov

Hələ yanvar ayında Azərbaycan XİN İrana səfərlərin məhdudlaşdırılması ilə xəbərdarlıq etmişdi və bunun səbəbi aydındır. Tehranda səfirliyimiz fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanın İran İslam Respublikasında təmsilçiliyi çox məhduddur. 

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə İranda həbs olunmuş Fərid Səfərli ilə bağlı şərhində bildirib.

Onun sözlərinə görə, bu, yalnız Təbriz şəhərində Baş konsulluğun çox məhdud şəkildə əməkdaşlarının fəaliyyətindən ibarətdir:

“Hələ yanvar ayının sonunda Azərbaycan tərəfi səyahət xəbərdarlığı etmişdi, xüsusi bir ehtiyac olmadığı təqdirdə vətəndaşlarımızın belə səyahətlərdən çəkinməsinə çağırış edilmişdi. Bütün bunlara baxmayaraq, həmin hadisə - azərbaycanlı tələbənin İranda saxlanılması - ilə bağlı məlumat daxil olduqdan dərhal sonra həm Bakı şəhərində Nazirlik tərəfindən İran XİN-ə nota təqdim olundu, eyni zamanda, bizim Baş Konsulluğumuz fəaliyyətə keçdi. Həmin şəxsin taleyi ilə bağlı informasiyanın əldə olunması kifayət qədər uzun müddət çəkdi. Həftələr sonra biz İran tərəfindən rəsmi məlumat aldıq ki, həmin adam saxlanılıb, o, ittiham olunur və onunla bağlı cinayət işi açılıb. Tələbə ilə İrandakı Baş konsulluğumuzun əməkdaşları arasında əlaqə var. Eyni zamanda, fiziki olaraq görüşün təşkil olunması istiqamətində iş aparılır. Tələbənin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlayırıq, məsələ nəzarətimizdədir”.

Tələbənin anası Dilarə Əsgərova bildirib ki, İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb və həbs edilib.

Dilarə Əsgərova qeyd edib ki, oğluna verilən ittiham əsassızdır:

“İttiham saxtadır, oğlum casusluq etməyib. Biz verilən ittihamları qəbul etmirik”.

Qeyd edək ki, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ