Gürcüstan XİN-i Azərbaycanla sərhəd mübahisəsindən danışdı

Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının işi bərpa ediləcək, iki ölkənin sərhədində yerləşən David Qareci (Keşikçidağ) monastır kompleksi üzrə hərəkət isə məhdudiyyətsiz olacaq.

Buta.media Virtualaz.org-a istinadən xəbər verir ki. bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

“Biz Azərbaycan tərəfi ilə razılaşmışıq ki, yaxın zamanlarda komissiyanın işi bərpa edilsin, monastır kompleksinin ayrı-ayrı hissələrində mövcud təcrübə nəzərə alınmaqla, hərəkət məhdudiyyətsiz olsun”, - nazir deyib.

XİN başçısı qeyd edib ki, Gürcüstan baş nazirinin tapşırığına əsasən, məsələ ilə bağlı azərbaycanlı həmkarı ilə danışıqlar aparıb. Razılıq əldə olunub ki, yaxın günlərdə delimitasiya komissiyasının yeni tərkibinin formalaşdırılması başa çatacaq.

“Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır. Təbii ki, məsələnin həssaslığı üzündən biz mövzuya xüsusi ehtiyatla yanaşırıq, Azərbaycan tərəfi ilə razılaşmışıq ki, yaxın zamanlarda birgə delimitasiya komissiyasının iclası keçiriləcək. Komissiyanın tərkibi yenilənməli idi və yaxın vaxtlarda o, sərhədin delimitasiyası və demarkasiyası haqqında razılığın əldə edilməsi üçün fəaliyyətini bərpa edəcək”, - Zalkaliani qeyd edib.

Daha öncə bu məsələni şərh edərkən Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva vurğulamışdı ki, Azərbaycan Gürcüstanla sərhədin mümkün qədər tez delimitasiyasının tərəfdarıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ