Bu gün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib. Uşaqlara bayram təbriki ünvanlanan paylaşımda əlində göyqurşağının rəngləri olan çərpələng uçuran uşaq təsvir olunub.
“Qafqazinfo” xəbər verir ki, təhsil eksperti Kamran Əsədov paylaşımla bağlı tənqidi fikirlər səsləndirib.
O, feysbuk hesabında çərpələngin rənglərinin LGBT bayrağının rəngləri ilə oxşarlığına eyham vurub: “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, elmdən, təhsildən xəbərsiz olduğunuzu bilirik, başınız dost, tanışlarınıza vəzifə verməyə, fəaliyyəti olmayan QHT-lərə yüz minlərlə vəsaiti qrant adı altında paylamağa necə qarışıbsa, nə paylaşdığınıza belə baxmırsınız.
Siz nəyi təbliğ edirsiniz? Yüzlərlə direktor, müəllim də baxmadan, anlamadan bu şəkli paylaşır. Siz bizim uşaqları nə kimi görmək istəyirsiniz? Bu nəyin bayrağıdır?”
Təhsil ekspertinin bu fikirləri sosial şəbəkədə kəskin tənqid olunub. K. Əsədovu göy qurşağının rənglərini tanımamaqda, cahillikdə ittiham ediblər.
Kitab mağazasının rəhbəri Nigar Köçərli çərpələngin özünü də qadağan etmək kimi ironik təkliflə çıxış edib: “Təklif edirəm ki, qöy qurşağını da birdəfəlik qadağan edək! Təbiət nəyi təbliğ edir, görəsən? Çərpələnglər də qadağan olunsun!”
AMEA-nın Folklor İnstitutunun əməkdaşı Elyar İslamoğlu isə hətta göy qurşağının Azərbaycanda pis başa düşüldüyü üçün ləğv edilməsini təklif edib: “Göy qurşağı Azərbaycanda pis başa düşüldüyü üçün bu gündən etibarən ləğv edilsin. Çıxmağa cəsarət etsə, dərhal həbs olunsun. Elm və Təhsil Nazirliyini əlində göy qurşağı şəkilli çərpələng tutan uşaq şəkli paylaşmağa peşman etdilər. Küyə getməyin”.
Qeyd edək ki, təhsil ekspertinin paylaşımından sonra Elm və Təhsil Nazirliyi sözügedən postun şəklini dəyişərək başqası ilə əvəzləyib.