“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək. İyunun 1-i və 2-də gecə və səhər saatlarında yağıntılarda qısa müddətli fasilə olsa da, gündüz saatlarında arabir yağış yağacaq”.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə isə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur: “Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək. Gözlənilən intensiv yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur”.
G. Məmmədova, həmçinin əlavə edib ki, şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti yağıntılı olub, şimşək çaxıb, dolu düşüb, güclü şimal-qərb küləyi əsib. Bəzi yerlərdə isə yağıntılar leysan xarakterli olub. Bəzi rayonlarda yağıntının miqdarı 28-45 mm-dək qeydə alınıb ki, bu da aylıq normanın 50-60 faizini təşkil edir.