Millət vəkili Məşhur Məmmədovun oğlu Məmməd Şahbazovdan sonra qızı da ABŞ-a köçüb.
Deputatın qızı Mədinə Şahbazova Nyu-Yorkda yaşayır. Masallıda bağça müdiri işləyən M.Şahbazova artıq bir müddətdir ki, ölkəni tərk edib.
Hətta bu barədə deputatın qızı öz İnstagram səhifəsində paylaşım edib.
Ötən ilin mayında mətbuatda gedən məlumatlara görə, 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovun ABŞ-da yaşayan oğlu Məmməd Şahbazov “Masalli Enterprise LLC” adlı şirkət təsis edib. “Masalli Enterprise LLC” aprel ayının 20-də Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınıb.
Şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.
Həmçinin mediada gedən məlumatlara görə, millət vəkili Məşhur Məmmədovun övladları Mədinə Şahbazova və Məntiq Şahbazov Masallıda bağçalar inşa ediblər. Masallı şəhər 1 saylı Uşaq bağçasına Mədinə Şahbazova, 4 saylı Uşaq bağçasına isə Məntiq Şahbazov rəhbərlik edir.
Həmçinin bildirilir ki, ölkənin tanınmış mebel şirkəti olan “Embawood” MMC-nin sahibi Məşhur Məmmədovdur. Deputat seçildikdən sonra həmin şirkətdən imtina etdiyini bildirsə də, ailə üzvləri tərəfindən idarə edildiyi qeyd olunur.