Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
Uzun bir dövr Azərbaycan Çar Rusiyasının müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb.
AXC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Ancaq AXC cəmi 23 ay yaşaya bilib. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal edib və Respublika süqut edib.
Müstəqillik Günü Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
AXC dövründə qaldırılan üçrəngli bayrağımız bu gün Ermənistanın işğalından azad edilən Qarabağda və Şərqi Zəngəzurda dalğalanır. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəman hərbçiləri öz cəsarəti ilə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə buna nail oldular.