“Tədris ilinin bitməsinə 10-15 gün qalmış Səhiyyə Nazirliyi məktəblərə tələb qoyub ki, şagirdlər sağlamlıq haqqında arayış gətirsin. Elm və Təhsil Nazirliyi də məktəblilərdən təcili arayış gətirmələrini tələb edir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə məlumat yayıb.
O iddia edib ki, bir çox rayon poliklinikaları süni növbə yaradaraq insanları rüşvət verib sağlamlıq arayışı almağa məcbur edir: “Buna misal olaraq Yeni Günəşli 24 saylı Birləşmiş Şəhər xəstəxanası göstərilib. Bildirilib ki, 60-dan çox uşaq növbədə gözləyir. Hətta bəzi siniflər 30 manatdan rüşvət verib sağlamlıq kağızı alıb, almayanlar isə erkən saatlardan növbədədir”.
Başqa bir sosial şəbəkə istifadəçisi də vəziyyətdən gileylənərək bildirib ki, məktəb 2-ci sinif şagirdlərinə sağlamlıq haqqında xüsusi forma veriblib. Onlara deyilib ki, poliklinikada müayinədən keçib vərəqəni doldurub gətirsinlər: “Qan, nəcis analizi, göz müayinəsi tələb edilir. Valideynlər pul verirsə, elə həmin gün də imzalayıb, möhür vurub sənədi verirlər. Pul verməyənlərin sənədinə poliklinikanın baş həkimi imza çəkib möhür vurmağı gecikdirir. Guya növbə çoxdur”.
Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan problemlə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, bununla bağlı nazirlikdən belə bir göstəriş verilməyib.
Məsələ ilə bağlı TƏBİB-ə də sorğu ünvanladıq. Qurumdan verilən məlumata görə, "Uşaqların icbari dispanserizasiyası" haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan ambulator-poliklinika yardımı göstərən müalicə-profilaktika müəssisələrində müayinələr aparılır: “Müayinələr bu müəssisələr tərəfindən dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartlarına uyğun olaraq tərtib edilmiş müayinə cədvəlinə və sahə prinsipinə əsasən həyata keçirilir.
İcbari dispanserizasiyadan keçiriləcək uşaqların həkimin çağırışı ilə tibb müəssisəsinə gətirilməsinə və dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməsinə görə məsuliyyəti onların valideynləri və digər qanuni nümayəndələri daşıyırlar.
Uşaqlarını müayinəyə gətirən valideynlər tərəfindən qaydalara əməl edilməməsi uşaqların randevu sistemi ilə müayinədən keçirilməsində problem yaradır, onlar qısa vaxtda bütün müayinələrin aparılması tələbini irəli sürürlər.
Tibb müəssisəsinə növbə sisteminin tənzimlənməsi üçün əlavə tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib”.