Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Seymur Mərdəliyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
“Qafqazinfo” yeni səfir barədə açıq internet mənbələrində olmayan bəzi məlumatları əldə edib.
Seymur Mərdəliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olub, 2000-ci ildə bitirib. Həmin il eyniadlı fakültənin magistr dərəcəsini qazanıb.
2000-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Çoxtərəfli humanitar problemlər idarəsinin referenti vəzifəsində əmək fəaliyyətinə başlayıb.
2004-2007-ci illərdə Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin attaşesi, üçüncü və ikinci katibi vəzifələrində çalışıb.
Ətraflı
2008-2009-cu illərdə Xarici İşlər Nazirliyinin İnsan hüquqları, demokratikləşdirmə və humanitar problemlər idarəsinin ikinci və birinci katibi vəzifələrində işləyib.
2009-2013-cü illərdə Azərbaycanın İsveçrə Konfederasiyasındakı Səfirliyinin birinci katibi və müşaviri vəzifələrində çalışıb.
2013-2017-ci illərdə isə XİN-in İnsan hüquqları, demokratikləşdirmə və humanitar problemlər idarəsində şöbə müdiri və rəis müavini vəzifələrində işləyib.
2017-2019-cu illərdə ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin müşaviri vəzifəsində çalışıb. 2019-cu ildən daimi nümayəndənin müavini vəzifəsində işləyib.
İngilis, rus, fransız və türk dillərini bilir.
Evlidir, bir oğlu var.