Bakıda sinif yoldaşları məktəbli qızı vəhşicəsinə döydülər - video

Paytaxtın Lökbatan qəsəbəsində 233 saylı orta məktəbin 8B sinif şagirdi A.Əliyeva (ad şərtidir - red.) döyülüb.

Baku.ws-ə daxil olan məlumata görə, hadisə mayın 22-də baş verib.

Şagirdin valideyni Mələk Hüseynovanın sözlərinə görə, qızı digər məktəblilər tərəfindən təzyiqlərə məruz qalıb. Daha sonra onu məktəbin tualetində sıxışdıraraq döyüblər.

Valideyn bildirir ki, hadisə ilə bağlı polisə məlumat verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, məsələ ilə bağlı digər məktəbli valideynləri ilə birgə polis orqanına dəvət edilib:
“Hadisə ilə bağlı hazırda Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Bakı şəhəri 233 nömrəli tam orta məktəbdən verilən məlumatda qeyd olunur ki, 22.05.2023-cü il tarixində tənəffüs zamanı sanitar qovşaqda iki qız şagird mübahisə və münaqişə edib:

“Münaqişə zamanı bir şagird digərinə yüngül xəsarət yetirib. Məktəb rəhbərliyi dərhal məsələyə müdaxilə edib, şagirdlərlə və valideynləri ilə müvafiq söhbət aparılıb”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ