Bakının Binəqədi rayonu, altıncı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 54/56 ünvanında yerləşən binanın həyətində sərxoş halda Toyota “Land Cruiser” markalı maşınla həyətdə dayanmış avtomobilləri əzən şəxsin kimliyi məlum olub.
Buta.media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən həmin binadakı mənzillərin birində kirayədə yaşayan Sənan Kərimov adlı şəxsdir.
Onun sözlərinə görə, həmin avtomobilin sahibi xaricdə yaşayır:
“O, maşının açarlarını qonşusuna etibar edib və həftədə bir neçə dəfə avtomobilin mühərrikinin yatmaması üçün işə salmasını istəyib. Hadisə baş verən gün qonşu maşını işə sala bilməyib. Bu zaman həyətə daxil olan sərxoş Sənan Kərimovdan kömək istəyib.
O, Sənana bildirib ki, maşını işə salıb, bir-iki dövrə vurmaq lazımdır. Sərxoş olan sürücü avtomobili idarə edən zaman binanın həyətindəki ən azı 9 avtomobili əzib”.
DİN rəsmisi qeyd edib ki, Sənan Kərimov saxlanılıb, sərxoşluq ekspertizasından keçirilib:
“Onun ortadərəcəli sərxoş olduğu müəyyənləşib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılır”.
12:30
Bakıda “Toyota Land Cruiser” markalı avtomobilin bir neçə maşını əzməsinin təfərrüatı məlum olub.
Buta.media xəbər verir ki, Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsindən reprot-a bildirilib ki, hadisə Binəqədi rayonu, Mirmahmud Kazımovki küçəsi bina 56-57 ərazisində qeydə alınıb.
Zərərçəkən sürücülər Binəqədi rayon Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb.
Sürücü artıq saxlanılıb və barəsində araşdırma aparılır. Məlum olub ki, o, sərxoş vəziyyətdə “Toyota Land Cruiser” markalı, 10 MV 984 dövlət nömrə nişanlı avomobili idarə edərkən sürdüyü maşınla birlikdə 7 avtomobili əzib:
“Avtomobil işlək vəziyyətdə dayandığı yerdə ağır dərəcəli sərxoş olan qonşu yaxınlaşaraq sükan arxasına keçib və belə bir hadisə törədib. Hazırda Binəqədi rayon Polis İdarəsində bununla bağlı araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, hadisə zamanı yaşayış binasının qarşısında park edilmiş avtomobillərin arasında biri qəfildən hərəkət edib. Sürücü avtomobili qabağa-dala verir, qəfildən sürərək dayanmış avtomobiləri əzməyə başlayır. Daha sonra isə heç nə olmamış kimi avtomobildən düşərək gedir.