Şabranda dəhşət: Quduz qoyunları kəsib qonaqlıq verdi

Şabranda bir ailənin 20-yə yaxın üzvü quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülüb.

Azərtac xəbər verir ki, təxminən 20-25 gün əvvəl yırtıcı heyvanlar rayonun Qorğan kəndində təsərrüfatlardan birində qoyunlara hücum edib.

Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən təsərrüfat sahibi onları kəsib və özündən ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.

Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib.

Şabran Rayon İcra Hakimiyyəti başçısının Qorğan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Balabəyov bildirib ki, müvafiq dövlət qurumları faktla bağlı məlumatlandırılıb. Ölmüş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib. Bununla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Şabran Rayon İcra Hakimiyyətinin, Baytarlıq İdarəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri Qorğan kəndinə gəlib və müvafiq tədbirlər görülür.

Təsərrüfat sahibi və həyat yoldaşına quduzluq əleyhinə iynə vurulub. Hazırda həmin qonaqlıqda iştirak edən və xəstə heyvanların ətindən yeyən şəxslər müəyyənləşdirilərək nəzarətə götürülüb. İlkin ehtimala görə ailənin 20-yə yaxın üzvü xəstə qoyunların ətindən yeyib.

Orxan Balabəyov bildirib ki, həmin ailənin üzvləri ailə həkiminin nəzarətindədir və heç birində narahatlıq müşahidə olunmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ