Bir neçə gün əvvəl Vətən müharibəsi qazisi, Xəzər rayon sakini Hüseynzadə Elçin Xaliq oğlu intihar edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə mayın 7-də 04:00 radələrində Binə qəsəbəsindəki fərdi yaşayış evində baş verib. 32 yaşlı E. Hüseynzadə yaşadığı evdə çoxsaylı dərman içməklə özünü zəhərləyərək öldürüb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, qazinin intiharına səbəb əlillik təyinatı ala bilməməsi olub. Həmçinin intihar edən zaman qazinin cibindən məktubun tapıldığı deyilir.
Problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentlikdən qazinin əlillik təyinatı ilə bağlı müraciət edib-etmədiyi və nə üçün imtina alması ilə bağlı suala belə cavab aldıq: “Vətən müharibəsi iştirakçısı Hüseynzadə Elçin Xaliq oğlu ilə bağlı hazırda hüquq-mühafizə orqanı tərəfindən araşdırma aparılır və araşdırmanın nəticəsinə uyğun aidiyyəti üzrə məlumat veriləcək”.
Baş Prokurorluğun Mətbuat xidmətindən isə sorğumuza cavab olaraq bildirilib ki, Xəzər Rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır: “Hadisənin baş vermə halı və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.
Qeyd edək ki, Elçin Hüseynzadə Vətən müharibəsində döyüşüb, Şuşanın, Suqovuşanın və Füzulinin azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.