Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.
Bu barədə Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib.
“Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət edib. Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarıb. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışıb. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər”, - deyə dövlət başçısı bildirib.
İlham Əliyev xatırladıb ki, Heydər Əliyev 1982-87-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Sovet Hökuməti sədrinin birinci müavini kimi daim Azərbaycana öz diqqətini, qayğısını göstəririb:
“Məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan o illərdə də uğurla inkişaf edirdi. Azərbaycan xalqının faciələri Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlayıb. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır.
Şübhə yoxdur ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Həm erməni millətçiləri, həm də ovaxtkı Azərbaycan rəhbərliyində təmsil olunmuş milli satqınlar faktiki olaraq birləşərək Heydər Əliyevə qarşı çirkin şər, böhtan kampaniyası aparıblar. Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. Baxmayaraq ki, siyasi fəaliyyətdən kənarda qalıb, amma Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə - 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırıb. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat verib. Mən onun yanında idim, o günü yaxşı xatırlayıram, həm faciəvi gün idi, eyni zamanda, qürurverici bir gün idi. Moskvada yaşayan azərbaycanlılar daimi nümayəndəliyin önünə toplaşmışdılar və Heydər Əliyev binaya yaxınlaşanda sanki bir canlı dəhliz açılmışdı. Baxmayaraq ki, o, bütün vəzifələrdən çıxarılmışdır, ona qarşı Azərbaycanda ovaxtkı rəhbərlik tərəfindən çirkin kampaniya aparılırdı, sovet mətbuatında da çirkin kampaniya aparılırdı, ancaq Azərbaycan xalqının qəlbində o, daim böyük lider kimi yaşayırdı”.