Xəzər rayon sakini, Vətən müharibəsi iştirakçısı, qazi Hüseynzadə Elçin Xalid oğlunun əlillik ala bilməməsi və süründürməçiliyə məruz qalması səbəbilə intihar etdiyi bildirilir.
Bu barədə Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev öz sosial şəbəkə hesabında məlumat yayıb.
“Deyilənə görə, bununla bağlı cibindən məktub tapılıb, Prokurorluğa verilib. İdmançı idi, çalışırdı ki, mütəmadi idmanla məşğul olsun, ama kontuziya almışdı deyə sağlamlığında yaranmış problem və maddi sıxıntı imkan vermirdi. Kontuziya almağına baxmayaraq bir adamın qəlbinə dəyməzdi, incitməzdi”, – Hacı Vəliyev bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
“Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, – qurumun mətbuat xidmətindən bildirilib.