Biznesmen balası Bakıda piyadanı xurd-xəşil etdi - FOTO + YENİLƏNİB

Hadisəni törədən sürücü ilə bağlı bəzi məlumatlar əldə olunub. 

Buta.media Virtualaz.org-a istinadən məlumat verir ki, Mahir Əsədov Bakının əsasən zənginlərin məskəni olan “Vorovski” qəsəbəsində yaşayır, bizneslə məşğul olduğu, “Ağ şəhər”də binalar inşa etdiyi deyilir və onu qəsəbədə “çox nüfuzlu biri” kimi tanıyırlar.

Hələlik hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı rəsmi məlumat yaymayıb. Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev isə virtualaz.org-a açıqlamasında eyni dövlət nömrə nişanının müxtəlif avtomobillədə istifadə olunması faktının araşdırılacağını dedi: 

“Ola bilər ki, bu fotoşop olsun. Çünki indi elə dövrdür ki, texnika vasitəsilə nömrəni dəyişdirmək, üzərinə başqa nömrə yapışdırmaq mümkündür. Biz bu barədə araşdırma aparacağıq və araşdırmadan sonra məsələyə hüquqi qiymət verilə bilər”.

Xatırladaq ki, oliqarxların törəmələrinin eyni dövlət nömrə nişanını çoxsaylı avtomobil kolleksiyasında yer alan müxtəlif avtomobillərə yapışdırması geniş yayılmış haldır. Dəfələrlə bu barədə faktlar, görüntülər yayılıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, ötən gün aprelin 30-da axşam saatlarında Bakının Nizami rayonunda 90 OG 002 dövlət nömrə nişanlı "Range Rover" avtomobili ilə vurulmuş piyadanın  vəziyyəti olduqca kritikdir, həyatı təhlükəsi var.

“Dünən gecə saatlarında təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına gətirilən yaralının başında zərbədən hematoma yarandığı müəyyən edilib, təcili əməliyyat olunub. Göstərilən tibbi yardımlara baxmayaraq, vəziyyəti olduqca ağır qiymətləndirilir”, - Abubəkirov əlavə edilib.

Hadisə “Neolit” şadlıq sarayının yanında baş verib. Hadisəni törədən sürücü avtomobili  saxlamayıb, sürətlə hadisə yerindən uzaqlaşıb. Yaxınlıqdakılar təcili tibbi yardım çağırıblar. Yaralı orta yaşlı kişinin üzərində heç bir sənəd olmadığından hələlik şəxsiyyəti müəyyən edilməyib.

10:44

Bakıda dəhşətli yol qəzası baş verib.

Buta.media məlumat verir ki,  “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu dəfə də qəzanı lüks avtomobilin sürücüsü törədib.

Aprelin 30-u saat 22 radələrində Nizami rayonu, M.Əliyev küçəsində Mahir Əsədov idarə etdiyi “Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə şəxsiyyəti məlum olmayan piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi “Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və hadisə yerindən qaçıb.

Ağır vəziyyətdə olan piyada 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, sürücü "90 OG 002" dövlət nömrə nişanını "Mercedes" və "Audi" markalı avtomobildə də istifadə edib.

Həmin fotoları təqdim edirik:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ