Baş nazirin müavini Hacıbala Abutalıbov sabiq Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini Vidadi Əliyevi onunla bağlı mətbuata yalan məlumat ötürməkdə ittiham edib.
Buta.media xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Vidadi Əliyev Hacıbala Abutalıbovun onunla bağlı ittihamlarını əsassız sayıb:
“Hörmətli professor, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Hacıbala Abutalıbov hesab edir ki, onunla bağlı məlumatları mətbuata mən ötürmüşəm! Cavab olaraq deyirəm ki, bu, belə deyil. Hacıbala Abutalıbov haqqımda yanlış düşünür.
Onun mənimlə bağlı açıqlaması nə mənəviyyatıma, nə də əqidəmə uyğundur. Çünki mən ona hər zaman rəhbərim kimi, bu gün də respublikada mühüm postların birində işlədiyi üçün şəxsiyyətinə hörmət edirəm. Bütün bunlara baxmayaraq o, haqqımda səhv düşünür. Guya, mən onun barəsində hansısa “məlumatlar” yaymışam. İmzam olmayan yerdə heç kimin haqqında danışmaram. Lazım olsa, hörmətli Hacıbala Abutalıbovla sivil qaydada, heç bir düşmən münasibət olmadan, münasibətlərə xələl gətirmədən danışa bilərik”.
Vidadi Əliyev Baş nazirin müavininin haqqında məhkumluq ifadəsini işlətməsinə də münasibət bildirib:
“Abutalıbov məni yararsız insan adlandırdığına görə çox təəssüf edirəm. Qeyd edim ki, Abutalıbov müvafiq sərəncamı ilə məni Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sədr müavini təyin edib. Hətta məni 2017-ci ilin may ayının 25-də 55 yaşım tamam olması münasibətilə Fəxri Fərmanla mükafatlandırıb.
İclasda mənimlə bağlı xoş ifadələr səsləndirib. Əgər mən doğrudan da “yararsız” adam idimsə, Hacıbala Abutalıbov bunları niyə edirdi? Yəqin ki, üzərimdə hər hansı məhkumluq olsaydı hörmətli cənab Abutalıbov məni o vəzifəyə təyin etməz, o adlar, mükafatlar verilməzdi. Məhz, Hacıbala Abutalıbov məni təhdid etdiyinə görə, tutduğum vəzifədən də istefa vermişəm”.