Aprelin 28-də Bakıda avtomobilini polis işçilərinin üzərinə sürən şəxs barəsində iki maddə ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Rauf Qurbanovun üzərində və idarə etdiyi avtomobilində axtarış aparılan zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Araşdırmalarla R.Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.
Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik alveri) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Rauf Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.