Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən üç nəfər Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarıdır.
Bu barədə “Report”un bölgə müxbiri xəbər verir.
Ölən şəxslərin Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov və 1994-cü il təvəllüdlü Ramin Məmmədov, eləcə də Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənov olduğu müəyyənləşib.
Eyni zamanda, Agentliyin daha iki əməkdaşı - Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.
Qeyd edək ki, hadisə “Toyota” və VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
14:40
Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar nəticəsində Toyota və VAZ 2107 markalı avtomobilin toqquşması, Toyota markalı avtomobilin 6 sərnişinin yaralanması, VAZ 2107 markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.
Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək.