Laçın yolunda hər iki tərəfdən böyük qoşun cəmləşib - Nə baş verir? - video

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsi qurduqdan sonra ərazidə hər iki tərəfdən çoxlu sayda canlı qüvvə və texnika cəmlənib.

“Azadlıq” radiosunun erməni xidmətinin yaydığı videogörüntülərdə xüsusi təyinatlılar, zirehli transportyorlar və hərbi maşınlar əks olunub.

Bildirilir ki, ərazidə keçid məntəqəsinin tikintisi sürətlə davam edir. Şəxsi heyətin yerləşdirilməsi və keçid məntəqəsinin fəaliyyəti üçün xüsusi səyyar bölmələr quraşdırılıb. Həkəri çayı üzərində körpünün hər iki tərəfində Azərbaycanın dövlət bayraqları üçün dirəklər basdırılıb. Sərhəddən keçən avtomobillərin saxlanması və yoxlanılması üçün xüsusi zona da var. 

Görüntülərə əsasən, Ermənistan tərəfdən yalnız Rusiya bayraqları qaldırılıb. Aydındır ki, keçid məntəqəsinin işi Rusiya sülhməramlı qüvvələri ilə razılaşdırılmaqla təmin olunacaq, lakin məntəqədə yalnız Azərbaycan sərhədçiləri dayanacaq.

Ermənistanla Azərbaycan arasında rəsmi diplomatik münasibətlər qurulmadığından və bu səbəbdən qarşılıqlı keçid üsulu müəyyən olunmadığından sərhəd keçidinin hansı rejimdə fəaliyyət göstərəcəyi hələlik məlum deyil. Yəqin ki, Qarabağ ermənilərinin Ermənistana daxil olması üçün hansısa müvəqqəti rejim tətbiq olunacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ