Vahid Əhmədovla bağlı Milli Məclisdə qalmaqal böyüyür

“Bu yaxınlarda hörmətli həmkarımız xoşagəlməz müsahibə ilə çıxış etdi, dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpdi”.

Bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı deputat həmkarı Vahid Əhmədov barəsində bildirib.

Fəzail Ağamalı qeyd edib ki, onu narahat edən əsas məsələ millət vəkilinin Azərbaycan dövlətçiliyinə qərəzli münasibətidir: 

“O, ölkə prezidentinin sosial siyasətinə kölgə salır. Belə çıxır ki, uzun illər həyata keçirilən sosial siyasət heç bir nəticə verməyib. Onun bu müsahibəsi Milli Məclisin nüfuzuna da xələl gətirir, onun legitimliyi sual altına alınır. Azərbaycanda yalnız 3 nəfərin Milli Məclisə seçkilərdə ədalətli səs qazandığını söyləyir, digər parlament üzvlərinin səs qazanmasını şübhə altına alır. Buna görə də mən bütün suallara cavab verilməsi üçün İntizam Komissiyasının sədr müavini kimi xahiş edirəm ki, məsələnin İntizam Komissiyasında müzakirə olunması üçün müvafiq tapşırıqlar verilməsinə imkan yaradasınız”.

Deputat Vahid Əhmədov isə qeyd edib ki, hər zaman dövlətin yanında olub, dövlətçilik mövqeyini müdafiə edib, yenə də müdafiə edir: 

“İstər Milli Məclis, istərsə də mətbuatdakı çıxışların da hansı mövqedə olduğu bəllidir. Bu çıxışların haradan idarə olunduğunu dəqiq bilirəm. Kim bu göstərişi verib, onu da bilirəm. Vaxtı gələndə bunun hamısı açılacaq. Fəzail Ağamalı təklif etdi ki, İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Orada da bütün suallara cavab verməyə hazıram. Milləti və dövlətinin yanında olan insanam”.

Milli Məclisin spikeri Sahibə Qafarova İntizam Komissiyasının sədri deputat Eldar İbrahimova məsələ ilə bağlı tapşırıq verib.

“Bu gün bu məsələ ilə məşğul olun, İntizam Komissiyasını yığın, bu məsələ ilə çox ciddi məşğul olun və mənə məruzə edin”, - deyə Sahibə Qafarova bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ