Media ilə bağlı yeni cərimələr müəyyənləşdi

Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə yeni cərimə müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.

Bundan əlavə, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Eyni zamanda, qanunla müəyyənləşdirilmiş hallardan başqa, media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə olunacaq.

Həmçinin, media haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib.

Məcəlləyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və ya informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə isə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə ediləcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ