Bakıdan 450-500 km uzaqlıqda yerləşən Balakən və Zaqatala sakinlərini ən çox düşündürən məsələlərdən biri də sərnişin qatarlarının olmamasıdır.
Bir qrup Zaqatala sakini - Nadir Cəbrayılov, Ramazan Ramazanov, Oqtay Nəbiyev və Aydın Qəhrəmanov Bizim.Media-nın yerli bürosuna müraciət edərək bildiriblər ki, Zaqatala və Balakənin, paytaxtdan 500 km uzaqlıqda yerləşməsini nəzərə alıb ilk növbədə bu istiqamətdə sərnişindaşıma ilə məşğul olan qatarların ayrılmasına ciddi ehtiyac var:
“Çox istərdik ki, dəmir yolu ilə sərnişin daşımaları bərpa olunsun. Dəmir yolu vasitəsilə Bakıya gedib-gəlmək həm maddi, həm təhlükəsizlik, həm də rahatçılıq baxımından daha sərfəlidir. Elə xəstə, yaşlı insanlar var ki, avtomobillə 500 kilometr yol getmək onlar üçün böyük problemdir”.
Ötən əsrin 80-ci illərində inşasına başlanılan Yevlax - Balakən dəmir yolu tikintisi dövrün ən böyük layihələrindən sayılırdı.
120 km-ə yaxın məsafəni əhatə edən tikinti üzərində Yevlaxla yanaşı Şəki, Qax, Zaqatala və Balakən rayonları yerləşir. Yol çətin relyefli ərazilərdən keçməklə yüzdən artıq körpü və keçidləri əhatə edir.
Bu nəqliyyat vasitəsi bölgə əhalisinin rahatlığını təmin etməklə yanaşı, həm də Şəki-Zaqatala iqtisadi rayonlarının yük daşımalarını xeyli asanlaşdırırdı. Pandemiya dövründə sərnişin daşımalarına ara verildiyindən əhalinin rahatlığı da demək olar ki, əlindən alınıb.
Zaqatala Dəmir Yol Stansiyanın rəisi Rasim Xələfov açıqlamasında bildirib ki, pandemiya dövründə də fəaliyyətlərini dayandırmayıblar.
Belə ki, sərnişin qatarları işləməsə də yük daşımaları qrafiklə, vaxtlı-vaxtında həyata keçirilib.
Digər tərəfdən Zaqatala ərazisində sakinlərin rahatlığını təmin etmək üçün üç yerdə dayanacaq fəaliyyət göstərir. Rasim Xələfov onu da əlavə edib ki, stansiyanın təmir-tikinti briqadaları vaxtaşırı olaraq relslərin altında olan köhnə, istismar müddətini başa vuran şpalları çıxarıb onları yeni beton şpallarla əvəzləyirlər.
Stansiya rəisinin sözlərinə görə əgər dəmir yolları idarəsinin rəhbərliyi sərnişin qatarlarının hərəkəti ilə bağlı qərar versələr onlar bu gün də rayon, bölgə sakinlərini qarşılayıb-yola salmağa hazır vəziyyətədirlər.
Söhbət əsnasında o da diqqətimizə çatdırıldı ki, dəmiryolu nəqliyyatı bölgə sakinlərinin hər zaman ən çox istifadə etdiyi nəqliyyat vasitələrindən biri olub.