"Azersky" peyki ilə məlumat mübadiləsi dayanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") istismar etdiyi "Azersky" – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.
ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsindən (U.S. Space Surveillance Network) alınan məlumata görə, "Azersky" peyki öz nəzərdə tutulan orbitində uçmağa davam edir. Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər.
"Azərkosmos" və peykin istehsalçısı əlaqənin bərpa olunması istiqamətində tədbirlər görsə də, bu, mümkün olmayıb.
"Azersky" peyki 45 milyon manat məbləğində sığortalanıb və artıq sığorta məbləğinin alınması işlərinə başlanılıb.
"Azərkosmos" artıq ötən ildən müasir texnoloji inkişafın çağırışlarına cavab verən və yerli qurumların istəklərinə uyğun olaraq yeni, daha yüksək ayırdetməli müşahidə peyki layihəsinə başlayıb.