Bakıda məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verib

Bu gün Binə qəsəbəsi 149 saylı orta məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib.

“Report”un əldə etdiyi məlumatı məktəb təsdiqləyib.

Məktəbdən bildirilib ki, aprelin 18-də məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib:

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıblar.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir”.

TƏBİB-dən bildirilib ki, şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları çağırış ünvanına cəlb edilib:

“Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (səkkizi qız, yeddi oğlan) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib. Doqquz nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda altı nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ